-
Adnan Oktar
-
Design Studio 313
-
A9 tv
Qarışqaların bir-birlərini tanıya bildiklərini, əqrabalarını, yəni öz koloniyalarının üzvlərini ayırd etdiklərini artıq söyləmişik. Zooloqlar qarışqaların bu işi necə bacardığını hələ də araşdırırlar. İnsan qarşısına çıxan bir neçə qarışqanı belə bir-birindən ayırd edə bilmədiyi halda, hər cəhətdən oxşar olan bu varlıqlar həmcinlərini necə seçib fərqləndirirlər? İndi bunu birlikdə görəcəyik.
Bir qarışqa digər qarışqanın öz koloniyasından olub-olmadığını çox asanca anlaya bilir. İşçi qarışqa yuvasına girən qarışqanı tanımaq üçün antennalarıyla onun bədəninə toxunur. Və ancaq öz koloniyasının üzvlərinə xas olan özəl qoxunun sayəsində onun kimliyini dərhal ayırd edə bilir. Əgər yuvaya girən qarışqa “özgə”lərdəndirsə, ev sahibləri bu çağırılmamış qonağa qəddarlıqla hücum çəkirlər. Yuvanın sakinləri güclü çənə sümüklərini yabançının bədəninə keçirib onu dişləyir, düşmənin bədəninə zəhərli turşular buraxaraq, onu məhv edirlər.
Əgər çağırılmamış qonaq eyni cinsdən, fəqət ayrı koloniyadan olan bir qarışqadırsa, ev sahibləri bunu da anlaya bilirlər. Bu halda o, yuvaya qəbul edilir, fəqət koloniyanın qoxusunu qəbul edənə qədər müsafir qarışqaya nisbətən az yemək verilir.
Koloniya qoxusu necə əldə edilir?
Eyni koloniyaya aid qarışqaların bir-birlərini tanımalarını təmin edən qoxunun qaynağı hələ də tam bəlli deyil. Fəqət orası məlumdur ki, qarışqalar öz aralarında hidrokarbonatları qoxuları ayırd etmək məqsədilə işlədirlər. Aparılan təcrübələr göstərib ki, eyni cinsdən, fəqət ayrı koloniyalardan olan qarışqalar bir-birlərini hidrokarbonat fərqlərinə görə tanıyırlar. Bunu anlamaq üçün maraqlı bir eksperiment keçirilib. Öncə bir koloniyadakı işçilərin üzərinə eyni cinsdən, fəqət ayrı koloniyadan olan qarışqaların qoxusunu daşıyan mayelər püskürdülüb. Nəticədə yuvadakı digər qarışqalar onlara aqressiv münasibət göstərsələr də, eksperiment zamanı qoxusu istifadə edilən qarışqalar özlərininki kimi qəbul ediblər.
Koloniya qoxusu təkamül keçiribmi?
Koloniya qoxusundan danışarkən üzərində durulması gərəkli olan çox önəmli məsələlərdən biri də təkamül nəzəriyyəsilə bağlıdır. Qarışqa, yaxud digər sosial böcək koloniyalarının (arılar, termitlər) özlərinə məxsus feromenlərlə yoldaşlarını tanıya bilməsi təkamül mexanizmləri tərəfindən necə izah olunur?
Bütün çatışmazlıqlarına rəğmən, təkamül nəzəriyyəsini müdafiə etməyə çalışanlar feromenlərin təbii seçmə nəticəsində (canlılarda əmələ gələn faydalı dəyişikliklərin saxlanılıb, zərərlilərin çıxdaş edilməsi) yaradığını deyirlər. Halbuki, qarışqalar da daxil olmaqla, heç bir böcək cinsi üçün bu, keçərli ola bilməz. Bu baxımdan ən kəsərli misal bal arılarıdır. Belə ki, düşmən hücum edərərkən bir bal arası digərlərinə xəbər vermək üçün xüsusi feromen ifraz edir. Və bunun ardınca dərhal ölür. Çünki bal arısının orqanizmi həmin feromeni ancaq bircə dəfə ifraz etməyə qadirdir. Bu halda, belə bir “faydalı dəyişikliyin” təbii seçim yoluyla sonrakı nəsillərə ötürülməsi necə mümkün ola bilər?
Bu açıqlamadan da göründüyü kimi, kasta sisteminə aid həşərat cinsləri arasındakı kimyəvi xəbərləşmənin təbii seçim yoluyla yaranması imkansızdır. Bu, eyni zamanda göstərir ki, həmin xəbərləşmə şəbəkəsini quran elə həşəratların özünü yaradan qüvvədir.
Qarışqa dəvəti
Qarışqalar çox yüksək səviyyədə fədakarlıq hissinə sahibdirlər və buna görə də haradasa bir qida qaynağı tapan kimi, mütləq digər yoldaşlarını da dəvət edərək, tapdıqlarını paylaşırlar. Bunun üçün qidanı hamıdan əvvəl tapan qarışqa yükünü götürərək, yuvaya dönür. Dönərkən qarnının ucunu qısa fasilələrlə yerə sürtür və kimyəvi izlər buraxır. Amma dəvət bununla bitmir; qarışqa yuvaya çatanda xüsusi işarələr verir və yoldaşlarıyla əlaqə qurur. Daha sonra o, tapdığı qida mənbəyinə dönmək istəyəndə bütün yoldaşları ona qoşulmaq istəyirlər. Amma yalnız ən yaxın “antenna təmasında” olanlar bu “kampaniya”ya qatıla bilir. Həmin qarışqalar duyğu siqnalları və vücudları üzərindəki feromenlər vasitəsilə sürəkli şəkildə bir-birlərilə ünsiyyət saxlayırlar.
Qeyd edək ki, hətta dəvətedici qarışqalar olmayanda belə, digər qarışqalar kimyəvi izlərə düşərək, gedib qida mənbəyini tapa bilirlər. Və yaxud, qidanı kəşf edən qarışqa yuvaya gedib “rəqs” edincə, yoldaşları başqa heç bir kömək olmadan gedib yemək mənbəyinə çata bilirlər.
Qarışqaların digər bir maraqlı cəhəti isə “dəvətnamə” qismində çeşidli kimyəvi maddələr ifraz etmələridir. Onların sadəcə qida qaynağına toplaşmaq üçün nəyə görə bu qədər çox müxtəlif kimyəvi maddələr buraxdıqları bəlli deyil. Fəqət bəzi versiyalar görə, bu maddələrin çeşidliyi izlərin bir-birinə qarışmaması üçündür. Bundan başqa, qarışqalar mesaj göndərərkən də fərqli siqnallar verirlər, onların hər birinin gücü digərlərindən fərqlənir. Koloniya aclıq keçirəndə və ya yuvanı genişləndirməyə ehtiyac duyulanda siqnalların gücü artırılır.
Qarışqa toplumlarının bu dərəcədə sistemli olması insanlar üçün çox ibrətamiz örnəkdir. Özü də elə hər mənada. Sadəcə öz mənfəətlərini düşünən və bunun uğrunda başqalarının haqlarını rahatca tapdalayan insanlardan ibarət cəmiyyətlərə baxanda, qarışqaların son dərəcə fədakar yaşamları daha “əxlaqlı”lır. Başqa yandan, təkmülçülərin nəzəriyyəsilə qarışqaların bu cür davranışlarını izah etmək təbii ki, mümkün deyil. Çünki təkamül təlimi təbiətdəki tək qanunun yaşam mücadiləsi və çarpışma olduğunu iddia edir. Halbuki, qarışqaların (və başqa xeyli heyvan növlərinin) davranışı bunu yalanlayaraq, fədakarlıq gerçəyini göz önünə sərir.
“Antenna dili”
Koloniya daxilindəki intizamın saxlanması zamanı qarışqaların “antenna”larıyla bir-birlərinə toxunaraq anlaşmaları onların arasında sözün həqiqi mənasında bir “antenna dili”nin mövcudluğunu göstərir. Qarışqalar toxunma yoluyla verilən antenna siqnallarından yemək zamanın gəldiyini, dəvəti, yuva yoldaşını tanıdığını və s. bildirmək üçün istifadə edirlər. Məsələn, Afrikada yaşayan bir qarışqa növünün işçiləri qarşılaşarkən antennalarını bir-birinə sürtürlər. Bu “antennalaşma” yalnız salam və yuvaya dəvət mənalarını daşıyır. Bu dəvət növü bəzi qarışqa növlərində (məsələn, Nyroronera) çox qabarıq nəzərə çarpır. Onlarda iki işçi üz-üzə gələndə dəvət edən qarışqa başını 90 dərəcə yana əyərək, antennasıyla yoldaşının qafasının altına və üstünə toxunur. Dəvəti alan qarışqa da oxşar şəkildə cavab verir.
Qarışqalar antennalarıyla yuva yoldaşlarının vücudlarına toxunduqları zaman məqsəd onlara bilgi vermək deyil, əksinə, o birinin ifraz etdiyi kimyəvi maddələri duyaraq, bilgi almaqdır. Özü də qarışqalar əldə etdikləri informasiyaları yuva yoldaşlarına da ötürürlər.
Toxunma yoluyla ünsiyyətə aid ən gözəl örnək qarışqanın bir toxunuşla qurşağında saxladığı yemi çıxarıb, digər bir qarışqanı bəsləməsidir. Bununla bağlı aparılan maraqı bir təcrübədə araşdırmaçılar Myrmica və Formica cinsindən olan işçi qarışqaların vücudlarının çeşidli hissələrinə insan tüküylə toxunaraq, onların maye qidalarını ağızlarından çıxarmağa çalışıblar və bunu bacarıblar. Ən həssas qarışqa isə yeməyini yenicə bitirmiş və yediklərini paylaşmaq üçün yuva yoldaşlarını arayan qarışqa olmaşdu.
Araşdırmaçılar onu da kəşf ediblər ki, bəzi böcək, həşarat və parazitlər də bu taktikadan xəbərdardırlar və həmin yolla qarışqaların yeməyinə şərik çıxaraq, bəslənirlər. Məsələn, bir böcək qarışqanın diqqətini çəkmək üçün sadəcə antennası və ya ön ayağıyla qarışqanın vücuduna xəfifcə toxunur, bunun ardınca qarışqa qarşısındakının tamam başqa bir canlı olmasına baxmayaraq, qarnındakı yeməyi onunla paylaşır.
Sadəcə qısa bir antenna toxunmasıyla qarşısındakının nə istədiyini anlaya bilmələri qarışqaların öz aralarında müəyyən yollarla “danışdıqlarından” xəbər verir. Qarışqaların işlətdiyi bu “antenna dili”nin bütün qarışqalar tərəfindən necə öyrənildiyi isə düşünüləsi məsələdir. Onlar bununla bağlı xüsusi təlimmi keçiblər? Əgər belə bir təlimin olmasını qəbul ediriksə, onda qarışqalara doğuşdan bu təlimi verən üstün bir Güc Sahibinin varlığını da qəbul etməliyik. Təbii ki, həmin “Üstün Güc Sahibi” qarışqalardan olmadığına görə, onlara bir-birlərilə xəbərləşə bilmələri üçün bir dili təlqin edən də Allahdır.
Qarışqaların bir-birlərilə paylaşmaları isə təkamül nəzəriyyəsilə izah edilə bilməyən bir davranışdır. “Böyük balıq kiçik balığı udar” formulunu Yer üzündəki yaşamın qaydası kimi görən bəzi təkamülçülər qarışqaların göstərdiyi fədakarlıq qarşısında fikirlərini geri götürmək zorunda qalırlar. Qarışqa koloniyasında böyük qarışqa kiçiyi yeyərək inkişaf etmək əvəzinə, öz qidasıyla onu da bəsləyərək, güclənməsinə səy göstərir. Bütün qarışqalar özlərinə verilən yeməklə - yəni “Ruzi” ilə,- razı olaraq, onu koloniyadakı başqa yoldaşlarıyla da paylaşırlar.
Bütün deyilənlərdən çıxan nəticə budur ki, qarışqalar sadəcə, onları yaradana boyun əyərək, Onun verdiyi ilhamla (təlqinlə) yaşayan canlılardır. Dolayısıyla, onları tamamilə şüursuz bir orqanizm saymaq olmaz, çünki Yaradanın iradəsini əks etdirən bir şüura sahibdirlər. Elə Allah da Quranda bu ilginc gerçəkliyə diqqət çəkərək, bizə bütün canlıların əslində bir “ümmət” olduqlarını, yəni İlahi düzənə və vəhyə uyğun yaşadıqlarını xəbər verir:
“Yerdə gəzən elə bir heyvan, göydə iki qanadıyla uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. Biz kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna cəm ediləcəklər” («Ənam» surəsi, 38)
Səslə ünsiyyət
Səslə ünsiyyət də qarışqaların çox işlətdiyi bir vasitədir. Qarışqaların çıxardığı iki cür səs bəlirlənib: biri bədənini hansısa bir maneəyə və ya yerə çırparaq çıxarılan “vuruş səsləri”, digəri isə bədənin bəzi orqanlarını bir-birinə sürtərək çıxalıran “sürtünmə səsləri”dir.
Vücudu harasa çırpmaqla çıxarılan səs siqnallarından adətən ağac yuvalarda yaşayan koloniyalarda istifadə olunur. Məsələn, “dülgər” qarışqalar “təbil” çalaraq, xəbərləşirlər. Onlar yuvaya qarşı hər cür təhlükədən “təbil” çalmaqla xəbər verirlər. Bu “təhlükə” onların duyduqları təşvişli səs, toxunma və ya qəfil hava axını da ola bilər. “Təbil” çalan qarışqa çənəsi və qarnıyla vücudunu irəli-geri yelləyərək, yerə vurur. Bu yollar yaranan siqnallar incə oduncaqla çox uzaqlara yayıla bilir.
Avropada yaşayan “dülgər” qarışqalar isə çənələri və qarınlarıyla taxta otaqlara və dəhlizlərə vurararq, 20 sm., hətta daha uzaqda olan yoldaşlarına titrəyişlə mesaj yollaya bilirlər. Nəzər alın ki, qarışqa üçün 20 sm. insan üçün 60-70 metrlə ifadə edilə biləcək bir uzaqlıqdır.
Qarışqalar havayla yayılan titrəyişlərə qarşı haradasa kar kimidirlər. Fəqət, bərk cisimlərlə yayılan səsləri çox gözəl duyurlar. Bu səs onlar üçün təsirli həyəcan siqnallarıdır. Onu eşidəndə sürətlərini artırır, titrəyişin gəldiyi yerə tərəf hərəkət edir və ətrafda gördükləri bütün canlılara hücum çəkirlər.
Koloniya üzvlərindən heç birinin bu siqnalları cavabsız buraxmaması qarışqa topluluğunun bacarıqlı təşkilatlanma qabiliyyətinin bir göstəricisidir. Etiraf etmək lazımdır ki, insanların hətta çox kiçik bir qrupunun belə hansısa həyəcan siqnalına praktik olaraq istisnasız, nizamlı şəkildə, qarışıqlıq salmadan reaksiya verməsi oduqca çətindir. Qarışqalar isə özlərinə əmr edilən işi vaxt itirmədən yerinə yetirir, özü də bu zaman koloniya daxilindəki intizamı heç bircə anlığa da pozmurlar.
Sürtünmə səsi çıxarma isə “təbil” çalmağa nisbətən, daha mürəkəb sistemdir. Bu zaman, dediyimiz kimi, qarışqa səs çıxarmaq üçün vücudunun bəzi hissələrini bir-birinə sürtür. Bu proses adətən gövdənin arxa tərəfində yerləşən orqanlarda baş verir. Bəzi qarışqa növlərinin çıxardığı bu səsləri hətta insan qulağı da eşidə bilir.
Müxtəlif növlərdə səslə ünsiyyətin 3 əsas funksiyası aşkarlanıb:
1. Yarpaq kəsən qarışqalarda səslə ünsiyyət bir növ yeraltı həyəcan sistemi kimi işləyir. Əksər hallarda qarışqaların hansısa bölümü yuvanın oyuqlarından birində gömülüb qalanda bundan istifadə edilir. Belə ki, işçilər səs siqnallarına cavab olaraq, xilasetmə əməliyyatına başlayıb, oyuğu qazaraq, yoldaşlarını qurtarırlar.
2. Bəzi növlər kraliçaların cütləşməsi zamanı bu səsi çıxarır. Gənc kraliçalar torpaqda və ya bitkilərin üzərində cütləşmək üçün toplanıb, yetərincə sperma əldə etdikdən sonra “sürtünmə səsi” çıxararaq, erkək qarışqa sürülərini özlərinə yaxınlaşmasının qarşısını alırlar.
3. Bəzi növlərdə isə həmin səs yemək və ya yeni yuva tapmaq üçün koloniya üzvlərini bir yerə toplamaq məqsədilə ifraz edilən feromenin təsirini artırmaqdan ötrü çıxarılır.18 Olur ki, qarışqalar ov tapanda onu mühasirəyə almaq məqsədilə digər qarışqaları çağırmaq üçün də həmin səsdən yararlanırlar. Bunun sayəsində işçilərin bir araya toplanaraq ovu ələ keçirməsi 1-2 dəqiqəyə gerçəkləşir. Bu özəllikləri qarışqa növləri üçün böyük üstünlükdür.
Görən gözlər üçün...
Müxtəlif ünsiyyət metodları olan qarışqaları bir neçə xarici dil bilən insanalara bənzətmək olar. Onlar problemlərini və demək istədiklərini müxtəlif dillərdə izah etməklə daha asan əlaqələr qura, həyatlarını daha rahat keçirə bilirlər. Qarışqalar da həmçinin yaşamları boyunca heç bir qarışıqlığa əsas vermədən yüzminlərlə, bəzən hətta milyonlarla əhalisi olan koloniyalarına xidmət edirlər. Halbuki, bura qədər izah etdiyimiz ünsiyyət sistemi dünyadakı möcüzələrdən sadəcə biridir. İstər insanları, istərsə də başqa bütün canlıları (təkhüceyrəlilərdən çoxhüceyrəlilərə qədər) incələyəndə bəlli olur ki, onların yaşamında minlərlə çeşidli möcüzə sayıla biləcək özəlliklər var. Ətrafındakı bütün bu möcüzələrin fərqinə vara bilən bir göz və duyan qəlb üçün bütün canlıların tək sahibi və hakimi olan Allahın sonsuz gücünü, elmini təqdir etməkdən ötrü sadəcə, millimetrlik bir qarışqanın mükəmməl ünsiyyət sisteminə baxmaq da yetirlidir. Allah Quranda bu qabiliyyətə sahib olmayan və Onun gücünü təqdir etməyən insanlardan belə bəhs edir:
“Məgər onlar [peyğəmbələri yalançı hesab edən kafirlər] yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri , eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrdəki ürəklər [qəlb gözü] kor olar” («Həcc» surəsi, 46)