Adnan Oktar Design Studio 313

Qidalanma və ov

Hər bir canlı qida ehtiyacını ödəmək üçün müəyyən metodlardan yararlanır. Bu bölümdə qarışqaların yem axtararkən işlətdikləri taktika, xəbərləşmə sistemi, yemi ələ keçirmək üçün yaranan rəqabət haqqında oxuyacaqsınız. Onların tətbiq etdikləri bütün taktikalar kitabın indiyə qədərki bölümlərində olduğu kimi, bizə bu canlıları yaradan Üstün Ağıl Sahibinin əzəmətini, gücünü göstərir.

 

 

Yüzminlərlə üzvü olan ailə necə bəslənir?

Qarışqa koloniyalarında hər qarışqanın yerinə yetirməsi gərəkən bir sıra vəzifələr var. Amma koloniyanın yaşaması üçün ən önəmli məsələlərdən biri, əlbəttə ki, qida probleminin həllidir.


Qarışqalar bu problemi çözmək üçün də həyatlarının bütün başqa sahələrində olduğu kimi, son dərəcə sistemli şəkildə çalışırlar. Yüzminlərlə (bəzənsə milyondan da artıq) üzvü olan koloniyaya qida tapa bilmək üçün işçi qarışqalar yuvanın ətrafındakı bütün əraziləri gəzərək, yem axtarırlar. Tapan kimi də onun həcminə uyğun olaraq, yuva yoldaşlarını köməyə çağırırlar. Qısası, yemək məsələsi də çox mükəmməl bir ünsiyyət şəbəkəsi və “yalnız mən” duyğusu olmadan həll edilir.

 

 

 

Bir-birlərini bəsləyən qarışqalar

Ayrı-ayrı cinslərdən olan qarışqalar qida axtararkən bir-birlərinin yoluna çıxmamağa çalışırlar. Hər biri qidanı ayrı-ayrı səmtlərdə axtarır. Əgər yemək araya-araya səhvən başqa bir koloniyanın ərazisinə girərlərsə, bu, artıq bir növ müharibə elan etmək deməkdir. Belə olarsa, onlar dərhal yuvalarına dönərək, girişi qapayır və təhlükəyə qarşı müqavimət göstərmək üçün koloniyanın bütün üzvlərini bir yerə toplayırlar.


Bəs yuvaya yemək gətirməyə imkanları olmayan bu müddət ərzində qarışqalar necə bəslənirlər? Məsələ ondadır ki, həmin məqamda qarışqaları əksər canlılardan fərqləndirən bir özəllikləri ortaya çıxır. Yem tapmağa imkanları olmayan dönəmdə koloniyanın bütün üzvləri gənc işçilərin qurşaqlarında yığılıb saxlanılan qida ilə ehtiyaclarını ödəyirlər. Əslində, qarışqalar bu paylaşma metodundan təkcə xüsusi vaxtlarda deyil, həmişə istifadə edirlər. Onlar vücudlarında gəzdirdikləri qida damlalarını hər dəfə ağızdan-ağıza verərək, bu yolla bir-birlərini bəsləyirlər. Ovçu qarışqa maye qidayla “yüklənib” yuvaya dönəndən sonra yoldaşlarının diqqətini çəkmək üçün bir yerdə duraraq, başını sağa-sola yelləyir və ya yuvanın digər üzvlərinə tərəf gedərək, tamamilə açılmış çənəsindəki qidanı onlara təklif edir. Bu yolla bütün koloniya çox sürətlə qidayla təmin olunur.


Yuvaya gətirilən digər ovlar və toxumlar da həmçinin ortaq şəkildə işlədilir. Beləcə, problemsiz-filansız bütün koloniyanın ehtiyacı ödənilir.


Bu sistem insanları təbiətin mükəmməl ağıl sahib olan bir Yaradıcı tərəfindən qurulduğuna inanmağa məcbur edən faktlardan biridir. Heç bir vaxt heç bir halda təsadüflər zənciri belə bir sistem yarada bilməz. Üstəlik, hər qarışqa bu sistemi bilərək dünyaya gəlir. Yəni qidanı paylaşmağın lazım olduğunu dünyaya gələndən sonra deyil, hələ dünyaya gəlməmişdən öyrənir. Onların bədənlərinin quruluşu da tamamilə bu prosesə uyğun olaraq yaradılıb. Çünki qurşağında saxladığı qidanı sonradan çıxarıb, başqasına verə bilməsi üçün xüsusi mexanizm lazımdır. Bu da öz növbəsində həmin sistemin yaranmasını təsadüflərlə izah etməyə əl yeri qoymur.


Öncə də vurğuladığımız kimi, təkamül nəzəriyyəsi bütün canlılar arasında rəqabət və yaşamaq uğrunda mübarizənin getdiyini bildirir. Buna görə də misal gətirdiyimiz fədakarlıq örnəklərini izahlamaqda acizdir. “Yaşamaq uğrunda mübarizə aparan” qarışqa nəyə görə öz qidasını bətnindən çıxarıb, başqasına verməlidir? Bu, məntiqə sığmır axı! Demək, qarışqalar yaşamaq uğrunda iübarizə etmirlər, əksinə, Quranın anlatdığı kimi, özlərinə təlqin olunan vəzifəni yerinə yetirirlər. Allahın heyvanlara təlqinindən və onların da buna uyğun olaraq, bir sıra vəzifələri yerinə yetirmələrindən Qurani-Kərim belə bəhs edir:


“Rəbbin bal arısına belə vəhy [təlqin] etdi: “Dağlarda, ağaclarda və insanların qurduğu yerlərdə özünə yuva tik; Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!” O arıların qarnından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, düşünüb dərk edənlər üçün bunda da bir ibrət vardır!” («Nəhl» surəsi, / 68-69)


Təbii ki, Allahın xüsusi vəzifələr təlqin etdiyi bütün heyvanlar Quranda bir-bir sadalanmayıb; bal arısı sadəcə, bir misaldır. Qarışqaya baxanda isə onun da ən azı bal arısı qədər mükəməl işlər yapan, ən azı onun kimi fədakar, sosial və vəzifəsinə sadiq qalan varlıq olduğunu, özünə edilən təlqinlə hərəkət etdiyini görürük.

 

 

 

Qida daşımaq texnikası

Bizə bəlli olan təxminən 8800 qarışqa növü ehtiyac duyduqları qida növünü kəşf edib, yuvalarına daşımaq üçün müxtəlif yollardan istifadə edir. Bəzi növlərdə qarışqalar təkbaşına ov edir və qəniməti də yuvalarına təkbaşına daşıyırlar. Bəziləri isə qrup halında ova çıxır, müdafiə olunur və əldə etdiklərini yuvalarına aparırlar. Əgər tapdıqları qida ölçülərinə uyğundursa, qarışqalar onu adətən tək daşıyırlar. Əgər yem bir qarışqanın daşımayacağı qədər iridirsə, onu kiçik parçalar halında daşıyır, başqalarının gəlib sahib çıxmaması üçün qida qaynağının ətrafında zəhərli maye ilə çevrə çəkirlər. Sonra gedib irili-xırdalı bütün işçiləri köməyə çağırırlar.


Qarışqaların bütün həyatlarında müşahidə olunan mükəmməl əmək bölümü özünü burada da göstərir. Böyük qarışqalar qidanı parçalayır və yadlardan qoruyur, kiçiklər isə həmin parçaları yuvalarına daşıyırlar. İşçilər yemi daşımaq üçün çənələrilə qaldırır və öndə tutaraq aparırlar. Qrup halında olanda isə nisbətən ağır yükləri də daşıya bilirlər. Belə ki, bir və ya iki ayaqlarıyla onu qaldırır və çənələrilə tuturlar. Yemi daşıyan zaman işçilər müxtəlif şəkildə yeriyirlər. Qabaq tərəfdə olanlar yükü dartaraq, dal-dalı addımlayırlar. Arxadakılarsa irəliyə doğru yeriyərək yemi itələyir, yan tərəfdəkilər də dəstək verirlər. Bu şəkildə bir qarışqanın daşıya biləcəyindən qat-qat ağır yükü aparmaq mümkün olur. Hətta hesablanıb ki, bu metod bir işçinin daşıya biləcəyindən 5000 dəfə (!) ağır yükü daşımağa imkan verir. 100 qarışqa böyük bir soxulcanı saniyədə 0,4 sm. irəliləyərək daşıya bilir.

 

 

 

Qarışqalar və qoxu izləri

Qoxu izlərini tutaraq getmək qarışqalarda geniş yayılmış bir metoddur. Bununla bağlı çox maraqlı misallar var.
Amerika səhralarında yaşayan bir qarışqa növü ölü böcək tapanda onu daşımaq və ya sürüməyə cəhd edib də, çox ağır olduğunu görərsə, zəhər kisəsindən havaya xüsusi qoxu buraxır. Uzaqdakı yoldaşları qoxunu duyaraq, ona tərəf gəlməyə başlayırlar. Tapdıqlarını apara biləcək sayda qarışqa yığılanda onu yuvalarına daşımağa başlayırlar.


Atəş qarışqaları isə qida axtarmaq üçün yuvalarını tərk edəndə bir müddət qoxu izlərini tutub gedir, sonra isə bir-birlərindən ayrılaraq, təkbaşlarına yem aramağa başlayırlar. Onların qida qaynağı tapmaları davranışlarından bəlli olur. Atəş qarışqaları yem tapanda yuvaya daha ləng dönürlər. Bu zaman iynələrini çıxarıb torpağın üzərində incə bir xətt cızaraq, yolu işarələmiş olurlar.

 

 

 

Kompas-qarışqalar

Yem arayan qarışqalar izahı çox çətin olan bir qabiliyyət sərgiləyirlər - onlar yem qaynağını tapana qədər əyri-üyrü, dolanbac yollardan keçir, geriyə, yuvaya dönəndə isə düz yolla qayıdırlar. Maraqlıdır, özləridən yalnız vur-tut bir neçə santimetr o tərəfi görə bilən qarışqalar yuvanın səmtini necə tapıb, ora düz yolla qayıdırlar?


Riçard Feynman (Richard Fainman)adlı bir araşdırmaçı bu suala cavab tapmaq üçün bir qabın içinə şəkər yerləşdirib və qarışqanın onu haçan gəlib tapacağını gözləyib. Bir “kəşfiyyatçı” qarışqa bu şəkəri tapıb, xəbər aparmaq üçün yuvasına dönəndə Feynman onun getdiyi ziqzaqlı trayektoriyanı rəngli qələmlə işarələyib. Daha sonra bu izləri təqib edən hər bir qarışqanın yolunu da qələmlə çəkib. Və belə bir qəribə nəticə alıb: qarışqalar həmin izləri olduğu kimi tutub getməyiblər! Daha sərfəli variant seçərək, ziqzaqlı xətləri düz bir cizgi halına gətirib və həmin xətlə də irəliləyiblər.


Daha sonra Alfred Brakşteyn (Alfred Bruckstein) adlı kompüter mütəxəssisi Feynmanın dediyinə əsaslanaraq, qarışqaların ziqzaqı düz yola necə çevirdiklərini riyazi baxımdan araşdırıb və çox ilginc nəticə alınıb. Bəlli olub ki, qarışqalar iki nöqtə arasındakı ən qısa yolla gediblər!


Bu, əlbəttə ki, çox böyük ustalıq tələb edən bir işdir. Çünki insanın ölçülərilə götürsək, uyğun məsafələri kompassız, xəritəsiz və həndəsi bilgilərsiz müəyyənləşdirmək sadəcə olaraq, mümkünsüzdür. Qarışqalar isə sadəcə Günəşi və ətrafındakı otları, budaqları görərək, yolu həndəsi dəqiqliklə “hesablayırlar”. Bunu demək nə qədər asandırsa, səbəbini izah etmək bir o qədər çətindir. Düşünmə qabiliyyətinə sahib olmayan bu kiçik canlılar belə bir işin öhdəsindən necə gəlirlər?.. İnsanın tanımadığı bir meşəyə düşdüyünü fikirləşin. Hətta hara getməli olduğunu bilsə də, o, yolu tapmaqda çox çətinlik çəkəcək və böyük ehtimalla, azacaq. Bu zaman ətrafına baxaraq hansı yolla getməli olduğunu başa düşmək üçün sərrast düşüncə qabiliyyəti tələb olunur. Qarışqalar isə buna sahib olmadan, sanki proqramlaşdırılıbmışlar kimi, səmti asanlıqla tapırlar. Səhər qidanı tapmaq üçün getdikləri yolu axşam çox rahatca qayıdırlar.

 

 

 

Mükəmməl ov taktikası

Bəzi qarışqa növləri dişlərindən hörümçək yumurtalarını, qırxayaqları, böcəkləri və termitləri yemək üçün istifadə edirlər. Onlardan bir çoxu (məsələn, Dacetine), xüsusilə qanadsız böcəkləri yemək üzrə ixtisaslaşıb. Bu böcəklər torpaqda və çürümüş yarpaqların içində sürü halında yaşayırlar. Çox ehtiyatlı olan böcəklərin vücudlarının alt tərəfində qatlanmış çəngəli xatırladan çıxıntılar var. Onlar bu orqanın köməyilə miniatür kenquru kimi tullana-tullana gedə bilirlər. Dacetine qarışqaları isə bu manevrin qarşısında çənələrini bir tələ kimi işlədirlər. Belə ki, yem axtaran qarışqa həmin böcəyin qoxusunu alanda çənəsini 180 dərəcə açaraq, yavaş-yavaş ona yaxınlaşır. Antennaları böcəyə toxunanda çənəsini dərhal qapadır və böcək dişlərin arasında qalır.


Bu qarışqalar ovlarını demək olar ki, heç vaxt qaçırmırlar, çünki dünyada ən sürətli reaksiyası olan çənəyə sahibdirlər. Onların çənəsinin açılıb-qapanması bizim gözümüzün qırpılmasından qat-qat sürətlidir. Bizim göz qırpağımız saniyənin 1/3-i ərzində baş verdiyi halda, bu qarışqaların (Odontomachus bawi) çənəsinin açılıb qapanmasına haradasa bundan 100 dəfə daha az vaxt lazımdır - 0,33 millisaniyə!


“Tələ qarışqaları”nın çənəsinin uzunluğu təxminən 1.8 millimetrə bərabərdir. İç tərəfində nəfəs borusuna bağlı, havayla dolu bir kisəcik var. Bu sistem dişin çox sürətli hərəkətini təmin edir. Yəni həmin qarışqaların çənəsi bir mini-siçan tələsi kimi işləyir. Eyni zamanda, dişlərin bir-birinə sürətlə çırpılmasının qarşısını almaq üçün xüsusi bir “əyləc”lə - əzələ sistemilə çənənin hərəkəti sona doğru nisbətən yavaşıdılır.

 

Elmli bir layihələndirmə olmadan, sadəcə təsadüflər nəticəsində belə qüsursuz bir ov mexanizminin yaranması mümkünsüzdür. Qarışqaları qüsursuz və bütün möcüzəvi özəlliklərilə birgə yaradan əlbəttə ki, təbiətin və kainatın tək hakimi olan Alahdır.

Bu sayt Harun Yəhyanın əsərlərindən istifadə edilərək hazırlanılmışdır.